Naxçıvanda fəaliyyət göstərən yerli sahibkarların ekoloji qablaşdırmaya keçidi və AZS İSO 14001-2021 “Ətraf mühiti idarəetmə sistemləri” standartlarının tətbiqinə təşviq edilməsi diqqətdə saxlanılır.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Xidmətində Naxçıvan Sahibkarlar Konfederasiyası ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29 tədbirlərinə uyğun olaraq sahibkarlıq subyektlərinin ekoloji qablaşdırmaya təşviq olunması məqsədi ilə maarifləndirici tədbir keçirilib.
20-dən artıq sahibkarlıq subyektinin iştirak etdiyi tədbirdə iştirakçılara məlumat verilib ki, bu gün hər bir sahibkar mövcud istehsal sahələrində yaranan tullantıların təkrar emala göndərilməsi, eləcə də tullantısız istehsala cəlb edilməsi imkanlarının araşdırılmasını diqqətdə saxlamalıdır. Diqqətə çatdırılıb ki, istehsalatda istifadə olunan ekoloji qablaşdırma üçün xammal təkrar emal edilə bilir və bioloji parçalana bilən olduğundan qablaşdırmalar üçün ideal seçimdir.
Qeyd olunub ki, ekoloji təmiz qablaşdırmaya ehtiyacı olan məhsulların müəyyənləşdirilməsi, biznes subyektlərinin bu sahədə mövcud olan beynəlxalq təcrübələrə yiyələnməsi və beynəlxalq milli standartların tətbiq olunması gələcəkdə yerli məhsulların yeni bazarlara çıxış imkanlarını da artıra bilər.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.