Bu gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Yaşıl məktəb” layihəsinin ilk mərhələsinə başladıq. Bu layihə “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı təsis olunub. Layihə çərçivəsində bu il muxtar respublikanın bütün təhsil müəssisələrində 10 min ağac tinginin əkilməsi planlaşdırılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov söyləyib.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tinglərin məntəqələrə çatdırılması, eyni zamanda, ağacların relyefə və iqlimə uyğun seçilməsi və əkilməsi ilə bağlı maarifləndirici dəstək göstərilib. Bu gündən etibarən yaz və payız mövsümləri nəzərə alınmaqla ağacəkmə aksiyası keçiriləcək və ilin sonunda bunun hesabatı ictimaiyyətə açıqlanacaq. İnanırıq ki, bu layihə Naxçıvan Muxtar Respublikasının iqliminin daha da sağlamlaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda, təhsilalanların yaşıllaşdırma və təbiətə qayğı ilə bağlı maarifləndirilməsi yolunda çox uğurlu olacaq. Düşünürəm ki, “Yaşıl məktəb” layihəsini növbəti illərdə də davam etdirməliyik”, – deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, martın 6-da Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı “Yaşıl məktəb” layihəsinə start verilib.