BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Nigeriya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) nəzərdən keçirir və iqlimlə bağlı tədbirlərin artırılmasına hazırlaşır.
AZƏRTAC Nigeriya mətbuatına istinadla xəbər verir ki, Prezident Asivaju Bola Ahmed Tinubuya 2030-cu ilə qədər NDC hədəflərinə çatmaq üçün ölkəsinin 177 milyon dollar vəsaitə ehtiyac olduğunu bildirib.
Nigeriya Federal Hökumətinin katibi Corc Akume Avropa İttifaqı ilə birlikdə keçirilən İqlim Dəyişikliyi üzrə Milli Şuranın təşkil etdiyi COP28-in nəticələrinin qiymətləndirilməsinə həsr olunmuş milli seminarda Nigeriyanın Paris Sazişinə sadiqliyini və daxili iqlim maliyyəsinin səfərbər edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, xarici maliyyə vacib olsa da, Nigeriya iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün öz daxili resurslarından da istifadə etməlidir.
Seminarın əsas diqqəti daxili maliyyə resurslarının səfərbərliyi strategiyalarına, milli büdcənin yaşıllaşdırılmasına və iqlim dəyişikliyi ilə mübarizədə hökumətin liderliyinin artırılmasına yönəldilib.
Nigeriyanın COP29-a hazırlaşarkən iqlim öhdəliklərini nəzərdən keçirməsi ölkədə iqlim dəyişikliyi ilə bağlı apardığı mübarizəni və davamlı inkişaf məqsədlərinə çatmaq əzmini göstərir.
Seminar maraqlı tərəflərin məqsədyönlü müzakirələrdə iştirak etmələri və iqlim problemlərini həll etmək üçün effektiv strategiyalar üzərində əməkdaşlıq etmələrinə imkan verən platforma rolunu oynayıb.
Daha əvvəl Avropa İttifaqı və Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOAS) Nigeriyadakı nümayəndə heyətinin əməkdaşlıq şöbəsinin rəhbəri Masimo De Luka maraqlı tərəfləri iqlim tədbirləri ilə bağlı müzakirələrdə iştirak etməyə çağırıb.