Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Nyu-Yorkda 5-ci ənənəvi Xəzər Biznes Forumu keçirilib.
AZƏRTAC-ın məlumatına görə, ABŞ və Xəzər regionunun rəsmi şəxsləri, mütəxəssislər və digər maraqlı tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında artan biznes və enerji mühitini, regional bağlantı və COP29 gündəliyini müzakirə etmək üçün bir araya gəliblər.
Xəzər Siyasət Mərkəzinin prezidenti Əfqan Nifti açılış nitqində Cənubi Qafqaz və Mərkəzi Asiyanın dünya bazarı və qida zəncirindəki əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bir il əvvəl Mərkəzi Asiya dövlət başçıları və ABŞ Prezidenti Co Bayden arasında keçirilmiş C5+1 görüşü yeni mərhələnin başlanğıcı olub. O bildirib ki, Birləşmiş Ştatlar G7 tərəfdaşları ilə birlikdə regionda əsas xarici investisiya mənbəyinə çevrilmiş Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq (PGI) proqramı çərçivəsində əlaqələri genişləndirir.
Əfqan Nifti Orta Dəhliz kimi layihələr vasitəsilə regionda nəqliyyat əlaqələrinin artan əhəmiyyətini qeyd edib və Xəzər regionunun istər karbohidrogenlər, istərsə də bərpaolunan enerji ilə dünyanı enerji ilə təmin etmək qabiliyyətini vurğulayıb. O, yaşıl enerjiyə keçid siyasətinə toxunaraq Azərbaycanın bu ilin noyabrında COP29 konfransına ev sahibliyi etməsinin “Yaşıl Enerji”yə keçidinin növbəti illərdə Xəzər regionu üçün həlledici əhəmiyyət kəsb edəcəyinin sübutu olduğunu bildirib.
ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə köməkçisi Cefri Payat enerji ilə zəngin Xəzər regionunun resurslarının dünya bazarlarına çatdırılmasında həm regionlararası, həm də regiondaxili əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. O, həmçinin regionun “Yaşıl Enerji”yə keçidlə bağlı artan əhəmiyyətini şərh edib və Azərbaycanın COP29 çəçivəsində gördüyü işlərdən, əməkdaşlıq imkanlarından danışıb. O ABŞ-ın regionun enerji təhlükəsizliyini təmin etmək məsələsində dəstəyini ifadə edib.
ABŞ-ın Qobal İnfrastruktur və İnvestisiya üzrə fəaliyyətdə olan xüsusi koordinatoru Helayna Matza Trans-Xəzər dəhlizinin beynəlxalq bazardakı əhəmiyyəti və onun inkişafı üçün ABŞ-ın dəstəyi barədə danışıb. O, komandasının dəmir yolundan limanlara, rəqəmsal, fiber və bütün regionda müxtəlif paylama mərkəzlərinə qədər investisiyaların ilkin sahələrini aktiv şəkildə nəzərdən keçiridiyini bildirib.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev təmsil etdiyi təşkilatın əməkdaşlığın inkişafı yolu ilə Türk dünyasının rifahının artırılmasına verdiyi önəmi qeyd edib. O, bu baxından “Türk Dünyası Vizyonu 2040”, “TDT 2022-2026 Strategiyası” layihələrinin hazırlandığını qeyd edib. Baş katib artıq nəzərəçarpan nəticələr verən Trans-Xəzər Beynəlxalq Dəhlizinin strateji əhəmiyyətini qeyd edib.
Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Türkiyənin hər zaman etibarlı enerji tərəfdaşı olduğunu deyərək, geniş enerji infrastruktur vasitəsi ilə regionun enerji təhlükəsizliyinə töhfəsini vurğulayıb: “Biz Azərbaycan, Türkmənistan, Qazaxıstan və Gürcüstanla birlikdə regionun zəngin enerji resurslarını həm Türkiyəyə, həm də Avropada istehlak bazarlarına təqdim etmək üçün daha çox işlər görmək üçün çalışırq.
Daha sonra çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia, Qazaxıstan Prezidentinin Beynəlxalq ətraf mühit əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Zulfiya Suleymanova, KOBİA-nın sədri Orxan Məmmədov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, Qazaxıstan Xarici İşlər Nazirliyinin İnvestisiya Komitəsinin sədri Qabidulla Ospankulov və digərləri çıxış edərək Xəzər bağlantısının əhəmiyyəti, regionun inkişafı ilə bağlı görülə biləcək işlər, Azərbaycanın sədrlik etdiyi COP29 və digər istiqamətlər barədə danışıblar.