Eldar Şamı

Respublika ərazisində müxtəlif dövrlərdə əkilmiş Eldar şamı ağaclarının son illər kütləvi quruması halları müşahidə olunduğundan, qurumanın əsas səbəblərini müəyyən etmək məqsədilə mütəxəssislərdən ibarət yaradılmış komissiya qrupu növbəti monitorinqlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin təmsil olunduğu qrup Ceyranbatan gölü ətrafında, Ağsu rayonunda olub, qurumuş Eldar şamı ağaclarına baxış keçirib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi, biologiya elmləri doktoru Vahid Fərzəliyevin sözlərinə görə, araşdırmalar və monitorinqlər zamanı məlum olub ki, qabıq böcəklərinin Eldar şamı ağaclarına ciddi zərər vurması nəticəsində ağaclar quruyaraq bioloji inkişafdan qalıb: “Monitorinqlərin və araşdırmaların nəticələri nəzərə alınaraq həmin ərazilərdəki torpaq sahələri xəstəlik və zərərvericilərdən təmizlənəcək, daha sonra qurumuş ağacların yerində yerli torpaq-iqlim şəraitinə uyğun yeni yaşıllıqların salınmasına başlanılacaq”.

Ağsu Rayon Yaşıllaşdırma və Abadlaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Nazif Mütəllimov isə bildirib ki, rayonda əsasən yarım əsr yaşı olan iynəyarpaqlı ağaclarda quruma qeydə alınıb: “Bununla bağlı narahatlığımızı respublikanın müvafiq qurumlarına bildirdik. Mütəxəssislərin rəyinə görə, ağaclarda quruma halının zərərverici və xəstəliklərin təsirindən yarandığı təsdiqləndi və həmin ağacların kəsilməsinə razılıq verildi. Həmin ağacların əvəzinə payız mövsümünə uyğun olaraq yerli torpaq iqlim şəraitinə uyğun tinglər əkiləcək”.

Monitorinq Yevlax rayonunda davam etdiriləcək.

Əvvəlki məqaləTəbii fəlakətlər Çin iqtisadiyyatına milyardlarla dollar zərər vurub
Növbəti məqalədəSabah ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir