Oman Sultanlığı noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakın təfərrüatları ilə bağlı görüş keçirib.
AZƏRTAC Oman mətbuatına istinadla xəbər verir ki, Omanın COP29-da iştirakının məqsədi ətraf mühitin və biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyi, davamlı turizmin təşviqi və investisiyaların cəlb edilməsi sahələrində milli səyləri vurğulamaqdır.
Qeyd olunub ki, iştirak üçün əsas mövzulara karbon neytrallığı, istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma layihələri və təşəbbüsləri, ərzaq təhlükəsizliyi, Oman İqlim Həftəsinin təşviqi, qlobal ətraf mühit indeksi, təbiət qoruqları və biomüxtəliflik, enerji transformasiyası layihələri və bərpaolunan enerji, yaşıl hidrogen, enerji səmərəliliyi, ağac əkmə təşəbbüsləri və mavi karbon daxildir.
Tədbirdə iştirak edən Oman Sultanlığının Pavilyon komandasının rəhbərinin müavini Muhəmməd Xalfan əl-Şuaili bildirib ki, bu iştirak Oman Sultanlığının beynəlxalq əməkdaşlıq komponentlərini təşviq etməklə yanaşı, iqlim fəaliyyəti, enerji transformasiyası, ətraf mühitin qorunması və biomüxtəliflik sahəsindəki milli səylərin işıqlandırılmasına töhfə verəcək.
Qeyd olunub ki, Oman Sultanlığı ilk dəfə COP29 İqlim Sammitində gənclər komandası ilə iştirak edəcək. Oman gəncləri iqlim dəyişikliyi ilə bağlı problem və həll yollarını nəzərdən keçirərək digər ölkələrin təcrübəsindən yararlanacaq, yeni biliklər əldə edəcək, fikir mübadilələri apararaq layihə və təşəbbüslərini təqdim edəcəklər.