Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən martın 30-da növbəti ağacəkmə aksiyası paytaxtın Nərimanov rayonunda keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd yeni ağac əkilib.
Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.
Qeyd edək ki, bugünkü ağacəkmə aksiyası Bakı şəhərinin bütün rayonlarını əhatə edib və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq, abadlıqla bağlı bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, gün ərzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərin əsas küçə və prospektlərində təmizliklə bağlı daxili iməcilik keçirilib, xidmətin xüsusi təyinatlı texnikası tərəfindən küçə və prospektlər təbiət və canlılar üçün zərərsiz kimyəvi maddələrlə yuyulub, digər təmizlik işləri görülüb.