ağacəkmə aksiyası

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 19-da paytaxtın Pirallahı qəsəbəsində yol kənarında ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır.

Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib.

Aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcək.

Əvvəlki məqaləSumqayıtda noyabrın əvvəlinədək 300 min ağac əkiləcək
Növbəti məqalədəNeftçalada ağacəkmə aksiyası davam edir