Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan məruzə

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın iclası və elmi seminar birgə keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Nanopolimer kompozitlər laboratoriyasının böyük elmi işçisi Türkan Quliyevanın “Yaşıl dünya, sağlam gələcək” mövzusunda məruzəsi dinlənilib. Gənc alim 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətlərində ölkəmizdə aparılan işlər haqqında geniş məlumat verib.

Məruzəçi yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosferin çirklənmədən mühafizə edilməsindən danışıb. Qeyd edib ki, 2003-cü ildən etibarən Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunan dövlət proqramları, mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə imzalanan müvafiq sərəncamlar bu sahənin ölkədə prioritet olduğunu göstərir.

2010-cu ilin “Ekologiya İli” elan olunmasından etibarən bu istiqamətdə aparılan işlərdən söz açan alim son illərdə milyonlarla ağac əkildiyini, yeni parkların salındığını söyləyib. O, Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və xalqımızın rifahının yaxşılaşdırılması naminə təbii sərvətlərdən istifadə edilməsinin respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi olduğunu qeyd edib.

Sonda Türkan Quliyeva verilən sualları cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.

Əvvəlki məqalə158 nömrəli tam orta məktəbdə Green Note layihəsinin icrasına başlanıb
Növbəti məqalədə“İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platforması ictimaiyyətə təqdim olunub