Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq mayın 25-də Baş Prokurorluğun təşkilatçılığı ilə Xaçmazda Xəzər dənizinin sahilində təmizlik aksiyası keçirilib.
Aksiyada Baş Prokurorluğun, eləcə də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon prokurorluqlarının əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyəti və könüllü gənclər daxil olmaqla ümumilikdə 100-dən çox şəxs iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Tədbirdə zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları 2 kilometr sahil boyu ərazini plastik və digər məişət tullantılarından təmizləyib, toplanılmış tullantıları aidiyyəti üzrə təhvil veriblər.