Qax rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.
İdarənin baş mühəndisi Turan Şahidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda İbaxlı və Əlibəyli kəndlərinin mühafizəsi üçün Kürmük çayının sağ və sol sahillərindəki mövcud daş-beton bəndlərdə təmir işləri aparılır və bəndlər yenidən yararlı vəziyyətə gətirilir. İlin əvvəlindən bəndlərdə 130 kubmetr həcmdə təmir işləri aparılıb və hazırda davam etdirilir. Eyni zamanda, həmin kəndlərin mühafizəsi üçün ötən müddətdə 68 kubmetr həcmdə qabion bənd də quraşdırılıb. Baş mühəndisin sözlərinə görə, ötən il idarə tərəfindən İbaxlı kəndinin, həmçinin İlisu kəndində yerləşən və qədim tarixi abidə olan Ulu körpünün sel sularından mühafizəsi üçün 1427 kubmetr həcmdə daş-beton bəndlərdə də əsaslı təmir işləri aparılıb.
Qurum rəsmisi qeyd edib ki, hazırda idarənin balansında 21 min 354 hektar suvarılan torpaq sahəsi var. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 264,8 kilometr uzunluğunda torpaq suvarma kanalları mövcuddur. Bu kanalların 188,8 kilometri təsərrüfatlararası, 76 kilometri isə magistral kanallardır. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il və bu ilin 2 ayı ərzində suvarma kanallarında 450 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib. Eyni zamanda, həmin müddətdə çay yataqlarında 710 min kubmetr həcmdə məcratəmizləmə işləri görülüb. O cümlədən, bu ilin yanvar-fevral aylarında çay yataqlarında 68 min kubmetr həcmdə məcrtəmizləmə işləri aparılıb və hazırda davam etdirilir.
Baş mühəndisin sözlərinə görə, idarə tərəfindən rayon ərazisində olan torpaq kanalların beton üzlüyə alınması istiqamətində də işlər davam etdirilir. Belə ki, Əmircan torpaq suvarma kanalının 450 metrlik hissəsinin beton üzlüyə alınması işi artıq başa çatdırılıb. Ümumiyyətlə, son illər rayon ərazisində 3 min poqonometrdən çox torpaq suvarma kanalı beton üzlüyə alınıb.