Dekabrın 30-da Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin “Azərbaycanın 10 möcüzəsi” xüsusi layihəsi çərçivəsində yeddinci ekran əsəri olan “Qızılağac Milli Parkı – Xəzər nağılı” sənədli filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Filmin təqdimatından əvvəl qonaqlar 2014-cü ildən ərsəyə gətirilmiş 6 sənədli film, “Şirvan Milli Parkı”, “Ağgöl Milli Parkı”, “Göygöl Milli Parkı”, “Ceyranlar”, “Abşeron Milli Parkı” və “Şahdağ Milli Parkı” haqqında hazırlanmış video və fotosərgi ilə tanış olublar.
Mərasimdə çıxış edən filmin rejissoru İqor Bışnyov layihənin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirib, davamlı və uğurlu şəkildə həyata keçirilən layihənin növbəti filminin çəkiliş prosesindən maraqlı detalları danışıb, ölkəmizin bənzərsiz rəngarəng və təbii gözəlliklərinin olmasını nadir bir xoşbəxtlik kimi qeyd edib.
Filmdə 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Qızılağac Milli Parkının ərazisində mövcud olan qlobal əhəmiyyətli, adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilər, endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar, həmçinin ərazi üçün xarakterik olan digər fauna və müxtəlif flora növləri haqqında bəhs edilir.
Tədbirdə 2023-cü il ərzində IDEA İctimai Birliyinin layihələrində könüllü kimi fəal iştirak edən 10 nəfər gənc Leyla xanım Əliyeva tərəfindən təşəkkürnamələrlə təltif edilib.
“Qızılağac Milli Parkı – Xəzər nağılı” filmin təqdimatından sonra Hirkan Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmin treyleri də nümayiş etdirilib.
IDEA-nın milli parklarla bağlı sənədli filmlər silsiləsi yaratmağında əsas məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.