Elm və Təhsil Nazirliyi 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində “Qlobal iqlim dəyişikliyinin fəsadları: çıxış yolu varmı” mövzusunda tədbir keçirilib.
2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə baş tutan tədbirdə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli, “Ulduz” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyin sədri və “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının koordinatoru Samir Həsənov və Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev iştirak edib.
Tədbiri açan Uşaq Gənclər İnkişaf Mərkəzinin metodisti Vəsilə Əhmədova son illər qlobal iqlim dəyişikliyinin ciddi fəsadlar törətdiyini bildirib. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladan Vəsilə Əhmədova qeyd edib ki, Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına öz töhfələrini verir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və qeyd edib ki, təhsil müəssisələrində ekoloji maarifləndirmə xarakterli söhbətlərin aparılması, şagirdlərlə görüşlərin keçirilməsi çox vacibdir. “Bir sıra mütəxəsisslər hesab edir ki, gənc nəsildə ekoloi tərbiyə erkən yaşlarından başlanmalıdır”-deyə, o, qeyd edib.
Elman Cəfərli bildirib ki, son illər dünyada ekoloji tarazlığın pozulması ciddi fəsadlar yaradıb: “Su mənbələrinin quruması meşələrin keçəlləşməsinə, iri sənaye şəhərlərində yaşıllıqların məhvi, çoxillik ağacların kəsilməsi hava çirkliliyinin artmasına səbəb olub.
Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür”.
Elman Cəfərli məktəbliləri təbiətə, canlı aləmə qayğı göstərməyə səsləyib: “Hər bir kəs həyatı boyu heç olmasa 7 ağac əkməlidir. Sizin üçün əlamətdar günlərdə valideynlərinizdən ağac tingləri, gül kolları istəyin. Onların iştirakı ilə o tingləri əkin. Siz böyüdükcə o ağaclar da böyüyəcək. O ağaclarla bağlı sizin xatirələriniz qalacaq. O ağacların meyvəsindən kimlərsə istifadə edəcək, kimlərsə kölgəsində daldalanacaq”.
“Ulduz” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyin sədri və “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının koordinatoru Samir Həsənov son illər, xüsusən 4-cü sənaye inqilabı dönəmində dünyada ekoloji böhranın pik həddə çatdığını bildirib. Onun sözlərinə görə, qlobal istiləşmə insan fəaliyyətinin nəticəsində mümkün olub.
“Son illər qlobal miqyasda böyük təbii fəlakətlər baş verir. Mövsümlər yerini dəyişib, zəlzələlər, sunamilər baş verir, vulkanlar aktivləşib. Bu, domino effekti ilə yaşayan təbii proseslərdir. İnsan fəaliyyətinin nəticəsi olaraq atmosferə çoxlu miqdarda istixana qazları atılır. Bu da qlobal istiləşməyə gətirib çıxarır”.
Samir Həsənov bildirib ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar qlobal iqlim dəyişikliyinin təsirinin yumşaldılması üçün hərəkətə keçib.
“Bu il ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Azərbaycan bu isitiqamətdə beynəlxalq səyləri dəstəkləyir. İqlim dəyişikliyinin təsirinin yumşaldılması üçün meşə zolaqları artırılmalı, atmosferə atılan karbon qazını miqdarı azaldılmalıdır”.
Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev bildirib ki, bu mövzuda məktəb yaşlı gənclərlə söhbət etmək çox vacibdir: “Yaşadığımız planet elə bir duruma gəlib çatıb ki, artıq uşaqlar böyüklərin səhvlərini təkrar etməməlidir. Uşaqlara hələ uşaq yaşlarından doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağı öyrətməliyik. Təbiət güclüdür, özünü “yeniləyə” bilir, təbii sərvətlər çoxdur, ancaq tükənməz deyil. İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər”.
Taleh Əliyev deyib ki, məktəblə yanaşı valideynlər də uşaqlara ekoloji şüurun formalaşdırılmasına çalışmalıdır:
“Canlı aləmə laqeyd qalmayan, məsuliyyətli, duyarlı vətəndaş yetişdirmək ağır və çətin prosesdir. Sözsüz ki, tərbiyə ailədən başlanır. Müəllimlə yanaşı valideyn də övladını təbiətə qayğı ilə yanaşmağı, ətraf mühitə duyarlı olmağı öyrətməlidir”.
Taleh Əliyev qlobal ilqim dəyişikliyinin yaratdığı fəsadların aradan qaldırılması yollarından danışıb. Qeyd edib ki, iri şəhərlərdə sərnişindaşımada, taksi xidmətində elektriklə işləyən avtomobillərin sayı artırılmalı, bərpa olunan enerjiyə keçid təmin edilməlidir.
Sonra “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırladığı “Meşələr həyat mənbəyimizdir-onu qoruyaq!” video-kitabı izlənilib. Video kitab məktəblilərin marağına səbəb olub.
Daha sonra məktəbliləri maraqlandıran suallara cavab verilib.