Yer kürəsində qlobal iqlim dəyişmələri son illər özünü daha qabarıq şəkildə göstərir. Xüsusilə Şimal Buzlu okeanında buzlaqların surətlə əriməsi, planetimizin müxtəlif ərazilərində təbii şəraitin kəskin dəyişilməsi, istixana effektinin yaranması, atmosferin zəhərli qazlarla çirklənməsi, ozon təbəqəsində irihəcmli deşiklərin əmələ gəlməsi, ayrı-ayrı ölkələrdə meşə yanğınlarının baş verməsi qlobal iqlim dəyişmələrinin əsas göstəriciləridir. Ona görə də qabaqcıl və elmi cəhətdən inkişaf etmiş ölkələrin rəhbərləri, alimləri, siyasətçiləri və digər sənət sahibləri qlobal istiləşməyə aydınlıq gətirmək, ona qarşı mübarizə aparmaq yollarını müəyyənləşdirmək, cəmiyyəti və ümumilikdə canlıları xilas etməyin mümkünlüyü naminə birləşməyin vacib olduğunu qəbul ediblər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Canbaxış Nəcəfovun “Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Məlumdur ki, bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Dünyanın inkişaf etmiş ölkələri, xüsusən də ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər bu konfransa xüsusi maraq göstərirlər. Bu baxımdan beynəlxalq əhəmiyyət daşıyan COP29-un ölkəmizdə keçirilməsi qürurverici bir hadisədir. Tarixə düşəcək bu konfrans Azərbaycan dövləti və onun Prezidentinin dünyada qlobal məsələlərin həllində aparıcı rol oynadığını əyani surətdə göstərir. Tədbirdə dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin, alimlərinin, müxtəlif sənət sahiblərinin, bütövlükdə çoxsaylı insanların iştirakı gözlənilir və onun yüksək səviyyədə keçirilməsi şübhə doğurmur. Çünki ölkəmiz belə nüfuzlu konfranslara dəfələrlə ev sahibliyi edib və bu sahədə Azərbaycanın təcrübəsi çox böyükdür.
“Euronews” müxbirinin suallarına Prezident İlham Əliyevin verdiyi cavablar cəmiyyətimizin bütün təbəqələri, o cümlədən alimlərimiz tərəfindən də rəğbətlə qarşılanıb. Bu fikirlərin bəzilərinin üzərində bir daha dayanmaq istərdim. Prezident qeyd edir ki, “bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımızın çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”.
Uzaqgörənliklə söylənilmiş bu fikirlər Xəzərin, eləcə də çaylarımızın, göllərimizin su bioehtiyatlarının qayğısına qalmaq, onun zənginliyini qoruyub saxlamaq və gələcək nəslə çatdırmaq kimi mühüm məsələləri əhatə edir.
Bir məsələ üzərində geniş dayanmaq istərdim. Yer planetinin iqlim qurşağı zaman-zaman dəyişib. Bu dəyişilmə bir və hətta bir neçə insan ömrü həddində müşahidə olunmayıb, milyon illərlə özünü göstərib. Onu paleontologiya elminin nəticələrində təsdiq etmək mümkün olub. Məlumdur ki, onurğalıların məməlilər sinfinə aid olan mamontlar və yaxud quşlar sinfinə aid olan müasir dəvəquşukimilər tropik, subtropik və bəzi hallarda isə mülayim iqlim qurşağında yaşamağa uyğunlaşıblar. Ancaq onların qazıntı halında qalıqları bu heyvanların yaşadığı təbii şəraitə uyğun olmayan Sibirdə və Uzaq Şərqdə, yəni soyuq iqlim qurşağında tapılıb. Bu isə o deməkdir ki, milyon illər öncə Sibirin və Uzaq Şərqin müasir əraziləri tropik, ən pis halda isə subtropik iqlimə malik olub. Belə güman etmək olar ki, qlobal iqlim dəyişməsi prosesi çoxəsirlik bir prosesdir və onun gələcəkdə də müşahidə olunması mümkündür.
Qlobal iqlim dəyişmələri onurğalı heyvanların orqanizmində hansı dəyişikliklərə səbəb olur? Təbii ki, illik orta temperatur 3-5 dərəcə artırsa, o zaman çaylarda, göllərdə və ümumən su tutarlarında orta temperaturun artması hesabına balıqların kürütökməsi vaxtından əvvəl baş verir, kürülərin keyfiyyət göstəriciləri aşağı düşür, mayalanma faizi azalır. Güclü iqlim dəyişilmələri ali onurğalı heyvanların da orqanizminə kəskin təsir göstərir. Bu zaman yağıntıların az olması səbəbindən ot bitkilərinin vaxtından əvvəl quruması baş verir, təbii qida çatışmazlığı üzündən heyvanların inkişafı normal getmir. İqlim dəyişmələrinin acı fəsadları haqqında biologiya elminin təkcə zoologiya və botanika sahələrinə deyil, onun bütün sahələrinə, xüsusilə molekulyar biologiya və genetika sahəsinə aid də çoxsaylı misallar söyləmək olar. Bəs qlobal iqlim dəyişmələrinin qarşısını necə və hansı yolla almaq mümkündür?
Məlumdur ki, Azərbaycan ərazisinin 10-12 faizi təbii meşələrlə örtülüdür; Cənubi Qafqazda ən az meşə örtüyü olan ölkələrdən biridir. Meşələr təbiətin “ağ ciyəri” olmaqla yanaşı, həm də istiliyin və ultrabənövşəyi şüaların udulmasında xüsusi əhəmiyyət daşıyır. Ona görə də ilk növbədə, ölkəmizdə meşə və yaşıllıqların salınmasına diqqəti artırmaq lazımdır. Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi meşəsalma kampaniyası təqdirəlayiqdir. Bakı-Şamaxı, Bakı-Hacıqabul magistral yollarının kənarında salınan yaşıllıq zolaqları həm qlobal istiliyin tənzimlənməsi baxımından, həm də faunanın qorunması və bərpası baxımından çox faydalıdır. Bu məsələ Abşeron yarımadasında daha vacibdir. Abşeron yarımadası tarixən ölkə əhalisinin geniş məskunlaşdığı, eyni zamanda, neft və qazçıxarma sənayesinin inkişaf etdirildiyi ərazilərdir, yay aylarında isə radiasiyanın yüksəlməsilə xarakterizə olunur. Buranın iqlim şəraiti insanların sağlamlığının bərpası, müxtəlif müalicəvi dərman (zəfəran), ərzaq (tərəvəzlər, taxıllar, zeytun, əncir. üzüm və s.) və ekzotik bitkilərin (müxtəlif sort qızılgüllər, nərgiz, qərənfil və s.) yetişdirilməsi, heyvandarlığın sənaye üsulu ilə inkişaf etdirilməsi üçün optimal şəraitə malikdir. Təəssüf ki, son illər təbiətdə baş verən dəyişilmələr, xüsusən qlobal iqlim dəyişmələri Abşeron yarımadasında da canlıların həyatına müxtəlif istiqamətlərdən təsir etməkdədir. Yarımadada neft və qazçıxarma işlərinin intensiv getdiyi ərazilərdə torpaqlarda rekultivasiya işlərinin aparılması və o ərazilərı yarımada üçün xarakterik olan iynəyarpaqlı ağacların əkilməsi, eləcə də zeytun bağlarının salınması qlobal iqlim dəyişilmələrinin qarşısının alınmasına səbəb olar.
44 günlük Vətən müharibəsindən qalib çıxan ölkəmiz işğaldan azad olunmuş ərazilərdə genişhəcmli bərpa-quruculuq işləri aparır. Xüsusən Kəlbəcər, Laçın və Qubadlı rayonları ərazilərindəki dağ çayları üzərində salınan su elektrik stansiyalarının tikilib istifadəyə verilməsi həmin ərazilərin işıqlanmasına səbəb olur, qaz istehsalının azalmasını və eyni zamanda, burada forelçiliyin inkişafını təmin edir. Digər tərəfdən Böyük Qayıdışın əsas tərkib hissəsi olan vətəndaşlarımızın iş yeri ilə təmin olunmasına şərait yaradır.
Azərbaycan qlobal iqlim dəyişmələrinə aid olan müxtəlif beynəlxalq qurumlara qoşularaq öhdəliklər götürməklə və ona layiqincə əməl etməklə dünya ölkələri arasında nümunəvi və ədalətli olduğunu sübut edir. Qeyd edək ki, Azərbaycan fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan edib. Buna uyğun olaraq, Azərbaycan 2030-cu ilə qədər qlobal metan emissiyalarının azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğunu bildirib. Metan qazının isə atmosferin ozon təbəqəsində irimiqyaslı deşiklərin əmələ gəlməsində mühüm rol oynadığı elmə çoxdan məlumdur.
“Qlobal Metan Vədi” 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. “Qlobal Metan Vədi”nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır.
Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. 2023-cü ildə yeni öhdəlik kimi 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması hədəf götürülüb. Bununla yanaşı olaraq 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsinin hədəfləndiyi elan edilib.
Qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə fəallığı ilə seçilən ölkəmizin “Qlobal Metan Vədi”nə qoşulması onun dünyada etibarlı “yaşıl” enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirəcək. Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək və töhfə verir, “yaşıl” hədəflər uğrunda daha çox səy göstərilməsini təşviq edir.
Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik” təşəbbüsü çərçivəsində uğurlu fəaliyyət və yeni təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür. Bütün bunlardan aydın olur ki, Azərbaycanın qlobal xarici siyasət kursuna keçməsi kifayət qədər ciddi hadisədir. Rəsmi Bakı bundan sonra beynəlxalq aləmdə baş verən hadisələrdə daha fəal rol oynayacaq, hadisələrin nəinki iştirakçısı, həm də istiqamətləndirici olacaq.