Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Regionun gənc eko-səfirləri” proqramının nəticələri açıqlanıb.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, gənclər üçün yaradılan bu fürsətin əsas məqsədi iqlim dəyişikliyinin təsirləri və həlli istiqamətində gənclər arasında ictimai iştirakçılığı stimullaşdırmaq, region gənclərinin iqlim dəyişikliyi, ekologiyaya dair maarifləndirilməsi, bu istiqamətdə gənclərin iştirakı ilə müxtəlif fəaliyyətlərin həyata keçirilməsidir.
Proqram çərçivəsində 16-25 yaşarası 200-ə yaxın gənc qeydiyyatdan keçib və onlar arasından tələblərə cavab verən 58 nəfər müsahibə mərhələsinə dəvət olunub. Bu mərhələni də uğurla tamamlayan 12 gənc təmsil etdiyi regionun eko-səfiri seçilib.
Gənc eko-səfirlər üçün bilik və bacarıqların inkişafı məqsədilə dördaylıq təlimlər, qeyd olunan sahənin ekspertləri ilə görüş və müzakirələr, eyni zamanda, eko-səfirlər tərəfindən ekoloji aksiyalar və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərin icrası nəzərdə tutulub.
GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru və layihə rəhbəri Coşqun İsmayılov proqramın gəncləri təbiətin qorunmasında fəal iştirakçıya çevirmək üçün mükəmməl fürsət olduğunu vurğulayıb. O, həmçinin proqram üzrə seçilən və eko-səfir adını qazanan bütün gəncləri mərkəz adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yaşıl gələcək naminə seçilən gənclərin siyahısını təqdim edirik:
1. Leyla Hüseynova Sənan qızı (Ağsu rayonu)
2. Nigar Mustafayeva Vüqar qızı (Balakən rayonu)
3. Roza Allahverdiyeva Elçin qızı (Gəncə şəhəri)
4. Məleykə Mirzəliyeva Mənsur qızı (Göyçay rayonu)
5. Kərim Boyaqçızadə Bəhruz oğlu (İsmayıllı rayonu)
6. Gültəkin Qulamzadə Yunus qızı (Lənkəran şəhəri)
7. Hikmət Qafarov Taleh oğlu (Mingəçevir şəhəri)
8. Bənövşə Ramazanova Adil qızı (Qax rayonu)
9. Xaqan Qurbanov Amil oğlu (Qazax rayonu)
10. Xəyal Məmmədəliyev İlham oğlu (Qəbələ rayonu)
11. Fəridə Allahverdiyeva Fərhad qızı (Quba rayonu)
12. Famil Pirəliyev Ramil oğlu (Sumqayıt şəhəri).