Şəki rayon prokurorluğunun istifadəyə verilən yeni inzibati binası ən müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunub. Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya-Kommunikasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir avadanlıqlar, kommunikasiya sistemləri, IP-telefoniya qurğuları və digər texniki chazlarla təchiz olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Şəki şəhərində “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” ECOLEAD layihəsi çərçivəsində “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda keçirilən elmi-praktiki konfransda Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov deyib.
Baş prokurorun müavini bildirib ki, binada vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələlxüsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılıb. Bundan əlavə, əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, həmçinin idman zalı istifadəyə verilib. Binanın işıqlandırılmasının bir hissəsini alternativ enerji ilə təmin etmək üçün günəş panelləri quraşdırılıb.
“Azərbaycan Prokurorluğunun kollektivi Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən bu yüksək qayğıya görə təşəkkürünü bildirir və bu etimada uyğun olaraq gələcəkdə də böyük məsuliyyət və peşəkarlıqla fəaliyyətini davam edərək cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bütün qüvvələrini səfərbər edəcək”, – deyə Baş prokurorun müavini əlavə edib.