“İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktik konfrans

Avqustun 27-də Şəki şəhərində “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” ECOLEAD layihəsi çərçivəsində “İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona, müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən titanik fəaliyyətdən bəhs edib.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və güclü siyasi iradəsi sayəsində ölkəmizin beynəlxalq miqyasda qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öndə yer aldığını qeyd edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün həyata keçirilən layihələrdən danışıb.

Konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbirin Şəki şəhərində təşkilindən məmnunluğunu ifadə edib, ölkənin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini, aparılan kompleks tədbirlərin Şəki rayonu ərazisində də davam etdirildiyini bildirib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona Azərbaycan Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edərək, qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən danışıb.

Konfransda, həmçinin Baş prokurorun müavini Heydər Məmmədov, elm və təhsil nazirinin müavini İdris İsayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova və müxtəlif dövlət qurumlarının rəsmi şəxsləri mövzu ilə bağlı çıxış ediblər.

Konfransda “Azərbaycanın ekoloji siyasəti” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında videoçarxlar izlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki məqaləŞəki rayon prokurorluğunun inzibati binasının işıqlandırılmasında alternativ enerjidən istifadə olunacaq
Növbəti məqalədəCOP29-un Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Komitənin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər