Şəki

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəkidə geniş abadlıq və quruculuq işləri aparılır.

Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhərin əsas küçə və meydanlarında təmizlik və təmir işləri həyata keçirilməklə yanaşı, rayon ərazisində magistral avtomobil yollarının kənarlarında yerləşən qeyri-yaşayış obyektlərində və yaşayış evlərində təmir işləri aparılıb, obyektlərin fasadları rənglənib. Magistral yolların kənarı boyu 10 kilometrə yaxın ərazidə dekorativ hasar inşa edilib.

Bundan əlavə, şəhərin girişində, Zərifə Əliyeva küçəsi ilə Oğuz şosesi küçəsinin kəsişməsində bu qədim diyarın zəngin mədəni irsini, maddi mədəniyyət nümunələrini, turizm potensialını, mətbəxini və iqtisadiyyatını özündə əks etdirən simvollar quraşdırılıb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki rayonu ərazisində magistral yolların kənarında payız mövsümü ərzində yaşıllıqların artırılması məqsədilə 12 min ağac əkilib. Eyni zamanda, küçə və prospektlərin, magistral avtomobil yollarının kənarları boyu yaşıllıq ərazilərdə abadlıq işləri aparılıb.

Dəyirmanarxı və Qurcana çaylarında 1167 poqonometr uzunluğunda dəmir-beton konstruksiyadan istifadə edilməklə sahilbərkitmə işləri aparılıb, çay yatağı təmizlənib və yataq boyunca suqırıcılar inşa olunub.

Şəhərdə su-kanalizasiya sisteminin tikintisi işləri yekunlaşdırılıb, 6 küçə və 6 prospektdə dövlət büdcəsinin investisiya xərcləri hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir işlərinə başlanılıb. Hazırda şəhərin prospekt və küçələrində asfalt örtüyünün yenilənməsi işləri ilə yanaşı, suötürücü kanalların, piyada səkilərinin yenidən tikintisi işləri də həyata keçirilir.

Əvvəlki məqaləZaqatalada 8750 ting əkilib
Növbəti məqalədəMilli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərginin təqdimatı olub