Quduzluq insanlarda, eləcə də heyvanlarda rast gəlinən xəstəlik növlərindən biridir. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan bu problem daha çox quduz heyvanların dişləməsi nəticəsində yayılır. Quduzluq mərkəzi sinir sistemini zədələyir və beyində iltihaba səbəb olur.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər il sentyabrın 28-ni dünyada Quduzluğa qarşı Mübarizə Günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub.
İnsanlarda quduzluq xəstəliyi hidrofobiya – sudan qorxmaq, fotofobiya – işığa həssaslıq, psixonevroloji pozulmalar, udqunma aktının pozulması, yüksək hərarət və digər kliniki əlamətlərlə özünü büruzə verir. Quduzluq olduqca təhlükəli bir xəstəlikdir və müalicə olunmazsa, vaxtında vaksin vurulmazsa, ölümlə nəticələnir.
Əksər hallarda ancaq itin hücumuna məruz qalanlar həkimə müraciət edir. Lakin bu, təkcə itlərdən keçən virus deyil. Xəstəliyə canavar, tülkü, hətta pişikdən də yoluxmaq mümkündür. Pişik cırmaqlaması nəticəsində də həkimə müraciət olunması tövsiyə edilir. Quduzluğun ilkin əlamətləri qripə bənzəyir. Bir neçə gündən sonra ağızın köpüklənməsi, yuxusuzluq, aqressiv davranışlar kimi əlamətlərlə müşahidə edilir.
Heyvan dişləməsi, cırmaqlaması və ya zədələnmiş dərinin yalanmasına məruz qaldıqda ilk olaraq yaranı və ya tamlığı pozulmuş dərini sabun, çoxlu təmiz su ilə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edilməlidir.
Xəstəlikdən qorunmaq üçün ev heyvanlarını quduzluğa qarşı peyvəndləməli, sahibsiz it və pişiklərlə birbaşa təmas qurulmamalıdır.
Sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Elə bu səbəbdən də heyvanlar sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və digər humanist rəftarla da əhatə olunmalıdır. Ona görə də heyvanın hücumuna məruz qalan şəxs mütləq vaxtında həkimə müraciət etməli və quduzluğa görə peyvənd olunmalıdır.