Ölkəmizdə beynəlxalq əhəmiyyətli 2 böyük su-bataqlıq ərazisi mövcuddur. Bunlar Qızılağac və Ağgöl milli parklarıdır ki, bu ərazilərdə çoxsaylı su-bataqlıq quşları qışlayır və yuvalayır. Bunu Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov bildirib.
“Ağgöl və Qızılağac milli parkları mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il mayın 25-də “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib”.
E.Sultanov qeyd edib ki, su-bataqlıq əraziləri biomüxtəliflik cəhətdən çox zəngin ərazilərdir. Bu ərazilər biomüxtəlifliyə, iqlimin yumşaldılmasına və iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verən əhəmiyyətli ekosistemlərdir.