“Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsinin icrası davam edir.

İyulun 8-də Gəncə şəhərində Azərbaycan Aqrar Universtetinin Baytarlıq Təbabəti fakültəsində “Yaşıl gələcək naminə: heyvanları qoruyaq, ətraf mühiti təmiz saxlayaq” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Səma və Eko Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova qlobal iqlim dəyişikliklərinin ciddi fəsadlar verdiyini bildirib. Onun sözlərinə görə, son illər hökm sürən anormal hava şəraiti qlobal iqlim dəyişikliyinin fəsadlarındandır: “Buzlaqlar əriyir, yağıntının miqdarı azalır, quraqlıq artır. Son illər mövsümlər sanki yerini dəyişib, təbii fəlakətlərin sayı artıb. BMT-nin iqlim hesabatına görə, son 100 ildə havanın temperaturu 1 dərəcə artıb. Əgər atmosferə karbon emissiyasının miqdarı artarsa 120-150 ildə Yer kürəsi yaşanmaz hala gələ bilər. Buna görə də hər kəs ətraf mühitə qarşı duyarlı olmalı, xüsusən yaşıllıqların salınması, biomüxtəlifliyin qorunması prioritet vəzifə olmalıdır”.

“1989-cu ildə nəşr olunan I Qırmızı kitabda nadir bitki növlərinin sayı 140, fauna növlərinin sayı 108, 2013-də nəşr olunan II QIrmızı kitabda bitki növləri 300, fauna 223-ə çatmışdı. 2023- də çap olunan III Qırmızı kitabda nadir bitki növləri 460, fauna növləri 241-ə çatıb”-deyən, İ.Həsənova son illər ölkəboyu aparılan yaşıllaşdırma işlərindən danışıb: “2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 1 gündə 650 min ağac əkilib ölkəboyu. Sonrakı illərdə “Gələcəyə nəfəs”, “Yaşıl marafon” aksiyaları çərçivəsində 1 milyon, 2022-də 1.5 milyon, 2023-cü ildə Heydər Əliyev ilində 3 milyondan çox ağac əkilib”.

QHT sədri qeyd edib ki, Heydər Əliyev Fondunun, İDEA ağacəkmə aksiyalarında yüzminlərlə insan iştirak edib ki, bu da yaşıllaşdırma aksiyalarının populyarlaşdığını göstərir.

Tədirdə çıxış edən layihənin eksperti, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasına ciddi töhfələr verdiyini bildirib: “Son 100 ildə elmi-texniki nailiyyətlər insanlığı xeyli irəli aparıb. Lakin sənayenin inkişafı, kənd təsərrüfatının genişlənməsi ekoloji problemlərə yol açıb. Müasir dünyada insanlar şəhərlərdə yaşamağa üstünlük verir. Həm təbii artım, həm də əmək miqrasiya nəticəsində iri meqapolislər yaranıb. Lakin şəhərlərdə cəmləşmiş istehsal müəssisələri və nəqliyyat vasitələri atmosferə atılan karbon qazının miqdarını artırıb. On illərdir qlobal beyin mərkəzləri problemdən çıxış yolları arayırlar. Gəlinən nəticə odur ki, artıq meşə sahələri, yaşıllıqlar şəhərləşməyə və sənayeləşməyə qurban verilməməlidir. Qalıq yanacaqdan istifadə azadlılmalı, yaşıl enerjiyə keçid sürətləndirilməlidir. BMT-nin İqlim Dəyişlikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tipli tədbirlər əslində qlobal güclərin ekoloji böhranla bağlı SOS siqnalıdır. Azərbaycan qalıq yanacaq istehsalçısı və ixracatçısı olan ölkələrdəndir. Lakin biz bərpa olunan enerjiyə keçidlə bağlı səyləri dəstəkləyirik. Qlobal miqyasda atmosferə istixana qazlarının atılmasında Azərbaycanın payı cüzidir. Amma bununla belə ölkəmiz üzərində öhdəlik götürüb. 2050-ci ilə qədər istixana qazlarının emissiyası 40 faizə qədər azaldılmalıdır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub”.

Təbdirdə qeyd olunub ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Bu cür mötəbər bir tədbirin Bakıda keçirilməsi ilə bağlı qərar beynəlxalq aləmdə Azərbaycana böyük hörmət və etimadın göstəricisidir. Bu qərar onu göstərir ki, ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfələr təqdir olunur.

İradə Həsənova son illər biomüxtəlifliyin qorunması, küçə heyvanlarına qayğının artırılmasl ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, bu məqsədlə paytaxt Bakı şəhərində sığınacaqlar yaradılıb: “Heyvanlar Allahın dilsiz qullardır. Onlara qayğı göstərməli, biomüxtəlifliyin qorunmasına nail olmalıyıq”-deyə, İ. Həsənova bildirib. Azərbaycan Aqrar Universitetinin Baytarlıq Təbabəti fakültəsinin dekanı, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalova könüllü təbiətsevərlərin iştirakı ilə sahibsiz heyvanlar üçün sığınacağın yaradılacağını bildirib.

Universitetin müəllimi Sevda Osmanova tələbələrin iştirakı ilə Gəncə şəhərində sahibsiz heyvanlara qayğı layihəsinin həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, layihə davamlı olacaq.

Çıxış edərlər: biologiya elmləri doktoru, professor Mirzə Əliyev, aqrar elmləri doktoru professor Arif Tağıyev, bayratlıq üzrə fəlsəfə doktoru Zahir Ələsgərov, biologiya üzrə fəlsəfə doktoru, dosent Dursun Adıgözəlova layihənin əhəmiyyətindən danışıb, gənc nəsildə ekoloji şüurun, canlı aləmə, heyvanlara qayğı hissinin erkən yaşlarda formalaşmasının vacibliyini vurğulayıblar.

Əvvəlki məqaləŞuşada içməli su ilə bağlı proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək
Növbəti məqalədəGənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi davam edir