Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə vermək məqsədilə “Yaşıl UNEC ili” çərçivəsində məişət tullantılarından istifadə edərək bir-birindən maraqlı maket kompozisiyaları hazırlayıblar.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, UNEC Dizayn Məktəbinin tələbələri tərəfindən hazırlanan maketləri münsiflər heyəti dəyərləndirərək qalibləri müəyyən edib. Birinci yerə “Azərbaycanın dilbər guşəsi”ni əks etdirən maket layiq görülüb.
“Qarabağ idman kompleksi” və “EkoPark” II, “Xaribülbül Mədəniyyət Mərkəzi” və “Qarabağ İmarət” III, “UNEC Dizayn” oboy evi və “İdman kompleksi” maketləri isə IV yeri tutub.
Layihənin məqsədi ətraf mühiti məişət tullantılarından qorumaq, eləcə də təkrar istifadə yolu ilə resursların bərpasının optimallaşdırılmasının təşviq edilməsidir.
Qaliblərin siyahısı UNEC-in saytında yerləşdirilib.