Enerjiyə tələbatın artmasına baxmayaraq, təmiz enerji texnologiyaları dünyaya ötən il mədən yanacağından istifadənin artmasının qarşısını almağa kömək edib.
Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, əgər təmiz enerji texnologiyaları olmasaydı, o halda qlobal karbon qazı tullantıları son beş ildə üç dəfə çox olardı.
AZƏRTAC bu barədə “Euronews”a istinadla xəbər verir .
2023-cü ildə qlobal karbon qazı tullantılarının yenə də rekord həddə çatmasına baxmayaraq, yeni təhlil göstərib ki, ekoloji təmiz mənbələrin artması energetika ilə bağlı tullantıların “struktur ləngiməsi”nə gətirib çıxarıb.
Hətta enerjiyə tələbatın artmasına baxmayaraq, günəş, külək və nüvə enerjisindən geniş istifadə dünyaya ötən il mədən yanacağı asılılığını daha çox azaltmağa kömək edib.
2023-cü ildə hər beş yeni avtomobilin payına düşəcək elektromobillər neftə tələbatın pandemiyayaqədərki səviyyəni üstələməməsində öz rolunu oynayıb.
Dərc olunan illik icmalda göstərilir ki, 2023-cü ildə enerji ilə bağlı tullantılar 2022-ci ildəki kimi sürətlə artmayıb. Bu, ondan xəbər verir ki, tezliklə dünya karbon qazı tullantılarının pik nöqtəsini görə biləcək, çünki təmiz enerji texnologiyalarından istifadə sürətlənir.
Stimullaşdırıcı tədbirlər sayəsində Azərbaycanda da elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli artım müşahidə edilir. Belə ki, 2023-cü ildə ölkəmizə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal olunub.