Azərbaycan iqlim dəyişikliyinə qarşı qlobal mübarizəni dəstəkləyən və bu istiqamətdə əməli tədbirlər görən ölkələrdəndir. Ətraf mühitin, onun komponentlərinin mühafizəsi, yaşıl inkişafı milli prioritetə çevirən ölkəmiz bunun üçün hədəflər də müəyyən edib. Belə ki, Azərbaycan 2030-cu il üçün özünün “yaşıl enerji” siyasətini müəyyənləşdirib. Belə ki, ölkəmizdə 2030-cu ildə ümumi enerji istehsalının 30 faizə qədərinin “yaşıl enerji”ni təşkil etməsi planlaşdırılır. Məsələn 30 milyard kilovat/saat enerji istehsalımız varsa, onun 10 milyarda yaxını “yaşıl enerji” ilə alınacaq. Burada yaşıl enerji dedikdə əsasən külək və günəş enerji sistemləri nəzərdə tutulur. Azərbaycanda alternativ mənbələrdən enerji istehsalı su mənbələri üzərində qurulan elektrik stansiyalarının hesabına olub. Mingəçevir SES bunun bir nümunəsidir. Yəni 10 ildir ki, Azərbaycanda alternativ enerjidən istifadə edilir. Lakin son dövrlərdə Azərbaycanda 1990-cı illə müqayisədə su ehtiyatlarımızın 15 faizə qədər azalması digər enerji mənbələrindən istifadəni aktuallaşdırıb.
Bunu AZƏRTAC-a müsahibəsində “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
Onun sözlərinə görə, BMT-nin hesablamalarına əsasən 2040-cı ilə qədər su ehtiyatlarının 20 faizə qədər azalması gözlənilir. Bu cür su ehtiyatlarının azalması fonunda gələcəkdə hidroelektrik stansiyalarının effektiv olmaması göz önündədir. Ona görə də Azərbaycan hökuməti sosial-iqtisadi inkişafın prioritetlərində əsas enerji istiqaməti kimi külək və günəş enerjisini müəyyən edib. 2022-ci ildə Azərbaycanın alternativ mənbələrdən elektrik enerjisi istehsalı cəmi 5,9 faiz təşkil edib və onun 1 faizdən az hissəsi külək və günəş enerjisinin payına düşür. Yaxın illərdə bu potensialın artımı gözlənilir. Artım baş verərsə, Azərbaycan öz alternativ enerjisini xarici ölkələrə, xüsusilə Avropa ölkələrinə satmağı da planlaşdırır.
Ölkəmizdə külək və günəş enerjisi üzrə həyata keçiriləcək layihələrdən bəhs edən təşkilat sədrinin sözlərinə görə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bununla bağlı, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycanın bu istiqamətdə ciddi hədəflərinin olmasının göstəricisidir.
“Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda əksini tapıb.
Bundan əlavə, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyəti bəyan edib. Azad edilmiş ərazilərdə həyata keçirilən “yaşıl enerji” siyasətini xüsusi qeyd etmək yerinə düşər. Bunun üçün də bir çox xarici tərəfdaşlarla müqavilələr imzalanıb. Ümumiyyətlə, həmin ərazilərdə alınan enerjinin böyük hissəsi həm hidroelektrik stansiyalarından, eyni zamanda, külək və günəş panellərindən istifadə etməklə həyata keçiriləcək. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcək”, – deyə təşkilat sədri qeyd edib.
Məlum olduğu kimi BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası yekunlaşdı. Azərbaycan COP28 tədbirində geniş heyət və böyük pavilyonla təmsil olundu. Pavilyonda ölkəmiz həm qlobal iqlim dəyişikliyi ilə mübarizədə həyata keçirdiyi tədbirləri, həm 30 ilə yaxın işğalda qalan və viranə edilmiş torpaqların dağıntıları, həm də 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra həmin ərazilərdə aparılan quruculuq işlərini ziyarətçilərə nümayiş etdirdi. Qlobal səylərə töhfə verən Azərbaycanın təbiətə həssas münasibəti, dağıdıcı missiya yerinə yetirən ölkələrdən fərqli olaraq qurucu, bərpaedici yanaşması yüksək dəyərləndirildi. Məhz bunlardan irəli gələrək COP29-a ev sahibliyi etmək Azərbaycana həvalə olundu. Əminəm ki, böyük tədbirlərin keçirilməsində hər zaman möhtəşəm təşkilatçılıqla yadda qalan Azərbaycan COP-un tarixində ən önəmli qərarların veriləcəyi və iqlim dəyişikliyi ilə mübarizədə ən effektiv yanaşma və təkliflərin irəli sürüləcəyi tədbirin ev sahibi kimi tarixə düşəcək.