Tbilisidə COP29-da həsr olunmuş seminar

Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin müəllim və tələbələri Tbilisinin Nəbatat bağında açıq səma altında 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a həsr olunmuş seminar keçiriblər.

AZƏRTAC xəbər verir ki, gənclər əvvəlcə Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin, eləcə də maarifçi, şair, ictimai xadim, Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi M.F.Axundzadənin xatirəsini anıblar.

Tələbələr ədibin ad günü ilə əlaqədar maraqlı kompozisiya nümayiş etdiriblər.

Sonra Mərkəzin müəllim və tələbələri Botanika bağında salınmış Heydər Əliyev adına xatirə bağında olublar. Bildirilib ki, Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə burada 100 ədəd nar ağacı əkilib. Bu ağacların əkilməsi Azərbaycan dövlətinin qonşu Gürcüstanda da ekologiya və ətraf mühitin mühafizəsinə töhfəsi kimi qiymətləndirilib.

Mərkəzin icraçı direktoru Rəna Hüseynova Azərbaycan dövlətinin ekologiya, ətraf mühitin mühafizəsi ilə gördüyü işlər, COP29 barədə ətraflı məlumat verib. Bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər.

Onun sözlərinə görə, Azərbaycanın 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Azərbaycan Prezidentinin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək və namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb.

Mərkəz rəhbəri deyib ki, Azərbaycanda keçiriləcək COP29-da on minlərlə xarici qonağın iştirakı nəzərdə tutulub. Bu da Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi sahəsindəki zəngin təcrübəsinin əyani sübutudur.

R.Hüseynova Gürcüstanda da iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, ətraf mühitin mühafizəsi, flora və faunanın inkişafı istiqamətində Azərbaycan və Gürcüstanın müvafiq dövlət strukturları birgə layihələr həyata keçirir.

Əvvəlki məqaləCOP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib
Növbəti məqalədəHindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb