Tedros Qebreyesus
Tedros Qebreyesus

Sona çatan il həm əhəmiyyətli nailiyyətlər, həm də qlobal ictimai səhiyyə sahəsində ciddi müvəffəqiyyətsizliklərlə yadda qalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru ilin yekunları ilə bağlı bildirib.

“May ayında mən beynəlxalq əhəmiyyət kəsb edən, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət kimi COVID-19 pandemiyasının başa çatması barədə elan etdim, – deyə Tedros Adhanom Qebreyesus videomüraciətində xatırladıb. – Bu, dünyada hər kəs üçün üç il davam edən böhran, ağrı və itkilərdən sonra dönüş nöqtəsi oldu. Hazırda həyatın normal məcraya döndüyünü görməyimə şadam”.

Doktor Tedros meymunçiçəyi xəstəliyinə yoluxma hallarına son qoyulması və denqe, meninqit və malyariyaya qarşı yeni vaksinlərin təsdiq edilməsi kimi ilin digər nailiyyətlərini də qeyd edib. Azərbaycan, Tacikistan və Beliz malyariyadan azad ölkə statusuna nail olublar. Qanada yuxu xəstəliyi, Benin, Mali və İraqda traxoma, eləcə də Banqladeş və Laosda limfatik filyariaz da daxil olmaqla, bir sıra tropik xəstəliklərin aradan qaldırılmasında irəliləyiş əldə edilib.

“Vaksinlər vasitəsilə digər xəstəlik – poliomielitin kökünün kəsilməsinə yol başa çatmaq üzrədir. Otuz ölkə insan papilloma virusuna qarşı vaksindən istifadə edərək, uşaqlıq boynu xərçəngini aradan qaldırmaq məqsədimizi təşviq edir”, – deyə ÜST başçısı qeyd edib.

Tedros Qebreyesusun sözlərinə görə, 2024-cü ildə dünyada iqlim böhranının sağlamlığa təsirinə daha çox diqqət yetiriləcək. Səhiyyə məsələləri Dubaydakı COP28 konfransının gündəliyində mühüm yer alıb, burada ətraf mühit və ictimai səhiyyə problemlərinin qarşılıqlı asılılığını vurğulayan iqlim və sağlamlıq haqqında qlobal bəyannamə qəbul olunub.

Sentyabr ayında BMT-nin Baş Assambleyasında dövlət başçıları əhalinin səhiyyə xidmətləri ilə ümumi şəkildə əhatə edilməsinin təmini, vərəmin kökünün kəsilməsi və dünyanın gələcək pandemiyalardan müdafiə olunması üzrə öhdəlik götürüblər.

“Bu nailiyyətlərin hər biri sağlamlığın müdafiəsi və möhkəmləndirilməsi işində elmin imkanlarını, güclü iradə və həmrəyliyi nümayiş etdirib”, – deyə ÜST rəhbəri vurğulayıb.

Videomüraciətində doktor Tedros, həmçinin 2023-cü ildə baş vermiş mənfi və faciəli hadisələri də xatırladıb.

Onun sözlərinə görə, oktyabrın 7-də HƏMAS-ın İsrailə “barbar” hücumu nəticəsində 1300-ə yaxın insan həlak olub, 200-dən çox insan girov götürülüb. O əlavə edib ki, gender zorakılığı və əsirlərlə qəddar davranışla bağlı məlumatlar böyük narahatlığa səbəb olur.

Bundan sonra Qəzzaya edilən dağıdıcı hücum nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 20 mindən çox fələstinli həlak olub. 53 mindən çox insan yaralanıb.

ÜST rəhbəri Qəzza səhiyyə sistemi üçün eskalasiyanın nəticələrindən dərin narahatlığını bildirib. Dekabrın 22-nə olan vəziyyətə görə, sektorda 35 tibb müəssisəsindən cəmi doqquzu işləyib; onlardan yalnız dördü Qəzzanın şimalında qismən fəaliyyət göstərib. Tedros Qebreyesus dərhal atəşi kəsmək çağırışı ilə bir daha müraciət edib.

2023-cü ildə qlobal mənzərə, həmçinin Sudan, Ukrayna, Efiopiya və Myanma kimi ölkələrdə baş vermiş münaqişələr üzündən pisləşib. “Sülh olmadan sağlamlıq, sağlamlıq olmadan isə sülh ola bilməz”, – deyə ÜST başçısı bildirib.

2024-cü ilə nəzər salan ÜST rəhbəri vurğulayıb ki, pandemiyalara qlobal hazırlıqda boşluqları aradan qaldırmaq lazımdır.

Onun sözlərinə görə, hazırda hökumətlər gələcək pandemiyalara cavab vermək üçün qarşılıqlı fəaliyyət və əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənən tarixdə ilk qlobal sazişin bağlanması haqqında danışıqlar aparırlar.

ÜST-nin baş direktoru müraciətinin sonunda səhiyyə işçiləri, tərəfdaşlar və həmkarlarına minnətdarlığını bildirərək vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, dünya “Hər kəs üçün sağlamlıq” Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasına doğru irəliləyir.

Əvvəlki məqaləETSN və BMTİP İqlim Hüquqi Çərçivə Seminarı üzrə əməkdaşlığı davam etdirirlər
Növbəti məqalədəÖlkə ərazisində hava əsasən yağmursuz olacaq