UNEC-də “Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq konfrans

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə COP29-a həsr olunan “Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

“Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” ili çərçivəsində təşkil olunan konfransdan öncə iştirakçılar UNEC Dizayn Məktəbinin tələbələrinin ekologiyaya həsr etdikləri rəsm sərgisi, eləcə də ekoloji təmiz parçalardan hazırlanmış geyim nümunələri ilə tanış olublar. Qida mühəndisliyi ixtisasının tələbələrinin UNEC-in Qida təhlükəsizliyi laboratoriyasında hazırladıqları ekoloji təmiz qidaları dequstasiya ediblər və yaşıl iqtisadiyyatla bağlı kitab sərgisini izləyiblər.

Konfransın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov universitetdə COP29-a həsr olunan silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb, konfransın bu istiqamətdə növbəti addım olduğunu deyib. UNEC-in strateji hədəflərindən birinin 2030-cu ilədək yaşıl universitetə çevrilmək olduğunu bildirən rektor QS Dayanıqlılıq Reytinqi-2024 üzrə UNEC-in ölkədə lider olduğunu vurğulayıb. UNEC əməkdaşlarının Dayanıqlı İnkişaf Məqsədləri üzrə 400-dən çox məqaləsinin çap edildiyini, bu göstəricinin “Yaşıl dünya naminə həmrəylik ili” üçün önəmli töhfə olduğunu bildirib.

Rektor COP29-da müzakirəsi vacib hesab edilən – yaşıl iqtisadiyyata keçiddə dövlətin rolunun artırılması, yaşıl iqtisadiyyat konsepsiyasının tələblərinə cavab verməyən qlobal təşkilatların transformasiyası, ətraf mühit siyasətinin iqtisadi artıma təsiri, ümumi daxili məhsulda yaşıllaşma və yaşıl təhsil modelinə keçidlə bağlı təkliflərin ictimaiyyətin müzakirəsinə çıxarıldığını da diqqətə çatdırıb. Ədalət Muradov bugünkü konfransda COP29 və yaşıl dünyaya həsr olunan çoxsaylı suallara cavabların tapılacağından əminliyini söyləyib.

Tədbirdə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru professor İqor Maksimsevin konfrans iştirakçılarına videomüraciəti nümayiş olunub. Rektor müraciətində konfransda yaşıl iqtisadiyyatla bağlı qlobal dünyanı maraqlandıran məsələlərin ciddi müzakirə ediləcəyini və uğurlu nəticələrin əldə olunacağını bildirib.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, UNEC-in dosenti Sadiq Qurbanov çıxış edərək ekoloji mühitin yaxşılaşdırılmasının dünyaya verdiyi töhfələrdən və Azərbaycanın bu prosesdə rolundan söz açıb, ölkəmizin bəşəriyyət üçün atdığı addımlarının COP 29-dan gözləntiləri labüd etdiyini vurğulayıb. Komitə sədri ekoloji maarifləndirmə, təkrar istehsal, yeni texnologiyaların inkişafı və elm mərkəzlərinin yaradılmasının vacibliyindən danışıb, bugünkü konfransın elmi-praktik nəticələrinin bu istiqamətdə böyük töhfələr verəcəyindən əminliyini bildirib.

Konfransda iştirak edən Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkan yaşıl transformasiyaya ədalətli keçid barədə təqdimatla çıxış edib. Nazir müavini yaşıl transformasiyanı şərtləndirən amillər, iqlim dəyişikliyi, iqlim böhranının səbəb və nəticələri, istixana qazlarının emissiyaları, Türkiyənin ekologiyaya verdiyi töhfələrlə bağlı statistik məlumatları konfrans iştirakçıları ilə bölüşüb.

Açılış nitqlərindən sonra Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, Rusiyanın Əməkdar elm xadimi Georgi Baqıyev, “PAŞA Holdinq”in əməkdaşı Fuad İbrahimov yaşıl iqtisadiyyata keçid, ekoloji və iqtisadi böhranlara qarşı antiböhran modeli, ekoloji mallar bazarında innovativ marketinq konsepsiyasının işlənib-hazırlanması mövzularında çıxış ediblər.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, UNEC Avrasiya Beynəlxalq Tədqiqat mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən konfrans mövzu çərçivəsində panel müzakirələrlə davam edib. Panellərdə Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan olan ekspertlərin iştirakı ilə yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat sektorunda sahibkarlar, davamlı inkişaf layihəsinin həyata keçirilməsi üçün təhsil müəssisələrinin biznes və hökumətlə qarşılıqlı əlaqəsi, yaşıl maliyyələşmə və digər mövzularda müzakirələr aparılıb.

Beynəlxalq konfrans oktyabrın 4-də işini başa vuracaq.

Əvvəlki məqaləAMEA-da yaşıl transformasiyaların aktual elmi-praktik problemləri müzakirə olunub
Növbəti məqalədəMilli Kitabxana “Azərbaycan ekologiyası” biblioqrafiya kitabının təqdimatını keçirib