UNESCO-nun mənzil-qərargahı

UNESCO-nun mənzil-qərargahında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr edilmiş “Təhsil vasitəsilə insanları və planeti birləşdirək” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannininin açılış çıxışından sonra, onun moderatorluğu ilə tanınmış müğənnilər Farrah əl-Dibani və Riki Keyin iştirak etdiyi panel çıxışları ilə davam edib. Panel iclasında gənclər arasında iqlim dəyişikliyi və davamlı inkişaf haqqında məlumatlılığın artırılmasında təhsil və incəsənətin rolundan danışılıb.

Tədbirdə diqqəti cəlb edən məqam Gənclərin İqlim Hərəkatının (YOUNGO) təmsilçisi Sahana Kaurun moderatorluğu ilə keçirilən nəsillərarası panel müzakirələri olub. Bu sessiyada məktəblərdə və icmalarda ekoloji maarifləndirmənin artırılması, davamlı inkişaf üçün ömür boyu təhsilin həyata keçirilməsi və gələcək çağırışlara hazırlıq strategiyaları, eləcə də COP29-a dair fikir mübadiləsi aparılıb. Paneldə Cənubi Afrikanın iqlim komissiyasının təmsilçisi, Şimali Amerika Gənc Su Parlamentinin Həmtəsisçisi, Hondurasın təhsil naziri, Yer (Earth) Uşaqları İnstitutunun rəhbəri və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış ediblər.

Elman Abdullayev bu ilin sonunda Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal konfransından (COP29) söz açıb və bu qlobal danışıqlarda gənclərin mühüm rolunu vurğulayıb. O, Azərbaycanın 2024-cü ilin “Yaşıl Dünya Həmrəyliyi İli” elan edilməsini və ölkənin nəsillər arasında həmrəyliyin gücləndirilməsinə sadiqliyini xüsusi qeyd edib.

Ölkələr tərəfindən emissiyaların azaldılması və iqlim dəyişikliyinə təsir göstərəcək yeni milli iqlim planlarının təqdim edilməsinin vacibliyini bildirən daimi nümayəndə bu planların reallaşdırılması üçün zəruri bacarıqların və insan kapitalının inkişafının əhəmiyyətini qeyd edib.

Səfir COP29-un məqsədinin gələcək nəsillər üçün sıfır emissiyaya nail olunması məqsədi ilə platforma qurulmalı olduğunu bildirib. O, həmçinin iqlim dəyişikliyi ilə mübarizə üçün bütün ölkələrin daha təcili addimlar atmasının əhəmiyyətindən bəhs edib.

Tədbir maarifləndirici fəaliyyətin gücünü və təbiəti qorumaq öhdəliyini simvolizə edən “Həyat Dəyişiklik Agentləri”- Farrah əl-Dibani və Riki Keyin konsert proqramı ilə davam edib.

Əvvəlki məqalə14 ölkədən xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş inklüziv sərgi təşkil olunub