Aprelin 5-də Bakının Xətai rayonu ərazisində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin və Elm və Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin kollektivləri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən əraziyə şam ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.
Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.