“Xəzər dənizinin su səviyyəsinin azalması: COP29-un Bakıda keçirilməsi seçimi niyə bu qədər aktualdır?” adlı konfrans

Belçika paytaxtında yerləşən Avropa Asiya Araşdırmaları İnstitutu (EIAS) “Xəzər dənizinin su səviyyəsinin azalması: COP29-un Bakıda keçirilməsi seçimi niyə bu qədər aktualdır?” adlı konfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, EIAS-in rəhbəri Aksel Gotals konfransı açaraq, Xəzər dənizinin üzləşdiyi problemlərin tədqiqatçılar tərəfindən ciddi araşdırılmasının əhəmiyyətini qeyd edib.

Konfransın əsas məruzəçisi BMT İnkişaf Proqramının Brüssel Ofisinin direktoru xanım Kamilla Brükner region ölkələrinin Xəzər dənizinin su səviyyəsi və ekoloji vəziyyəti ilə bağlı BMT ilə apardığı danışıqları yüksək qiymətləndirib.

Daha sonra Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov hazırda Xəzər dənizində bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi ekoloji problemlərlə yanaşı, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsinin narahatlıq doğurduğunu bildirib. O, Xəzər dənizində hidroloji vəziyyətin öyrənilməsi və dənizin ətraf mühitinə mümkün neqativ təsirlərinin müəyyənləşdirilməsi və ortadan qaldırılması üçün beynəlxalq ictimaiyyəti və bölgə ölkələrini birgə səyləri artırmağa çağırıb. V.Sadıqov, həmçinin COP29-un aidiyyəti tematik günlərində Xəzər dənizinin müzakirə mövzularından biri olacağını qeyd edib.

Türkmənistanın Belçikadakı səfiri Sapar Palvanov ölkəsi tərəfindən Xəzər dənizinin su səviyyəsinin azalması və ətraf mühiti ilə bağlı digər dəniz sahili ölkələrlə birgə səylər göstərdiyini və lazımi hüquq-müqavilə bazasının gücləndirilməsi üçün çalışdığını bildirib.

Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğunun bölmə rəhbəri xanım Sara Rinaldi Avropa İttifaqlının region ölkələri ilə hərtərəfli əməkdaşlığından bəhs edərək, sadalanan ekoloji məsələlərin də ikitərəfli müstəvidə müzakirə olunduğunu və mümkün təşəbbüslərə dəstək göstərildiyini ifadə edib.

Sonda konfransda iştirak edən Belçikadakı diplomatik missiyaların nümayəndələri, tədqiqatçılar və jurnalistlərin sualları cavablandırılıb.

Əvvəlki məqalə“Yeni nəfəs” layihəsi çərçivəsində 1000 ağac əkilib
Növbəti məqalədəSabah rayonlara leysan yağacaq, dolu düşəcək