Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, şübhəsiz, bütün dünyada nüfuzlu olan COP29 konfransını uğurla keçirəcək və iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığa önəmli töhfə verəcək.
Bu barədə Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Xalq Assosiasiyasının sədri Yan Vanmin bu yaxınlarda Azərbaycana səfərinə, iki ölkə arasında münasibətlərin inkişafına dair AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycana səfəri zamanı COP29 Əməliyyat Şirkətinin Məşvərət Şurasının rəhbərliyi ilə görüşdüyünü bildirən Yan Vanmin noyabrda Bakıda keçiriləcək COP29-la bağlı fikir mübadiləsi apardığını diqqətə çatdırıb.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin deyib: “Biz COP29 çərçivəsində müxtəlif ölkələrin yerli hökumətləri ilə iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində məsələləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı inkişaf etdirmək üçün “Çin guşəsi”ndə tematik paralel tədbirlər keçirməyi planlaşdırırıq. Biz, həmçinin Bakının və eyni zamanda, Azərbaycanın müxtəlif yerli hakimiyyət orqanlarının assosiasiyamızın təşkil etdiyi bu paralel tədbirlərdə iştirakını da görməkdən məmnun olarıq”.