Mayın 27-də Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr edilmiş maarifləndirmə həftəsinin yekunu olaraq “Yaşıl artım gündəliyində təhsil” konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın məqsədi milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək və bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaqdır.
maarifləndirmə həftəsi çərçivəsində mayın 20-dən 24-dək İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində 50-dən çox işəgötürən qurumun iştirakı ilə “İstehsal, ətraf-mühit və bərpaolunan enerji” mövzusunda interaktiv seminar, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində isə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur keçirilib.
Konfransda “Yaşıl artım siyasətinin gündəliyi”, “Yaşıl artım naminə dövlət-özəl tərəfdaşlığı”, “Yaşıl artım naminə bacarıqların inkişafında təhsilin rolu” mövzusunda panel müzakirələri baş tutacaq.
Qeyd edək ki, konfrans TƏMƏL platforması çərçivəsində keçirilib. TƏMƏL (peşəkar kadrların təminatı üzrə tərəfdaşlıq və məlumatlandırma) platformasının məqsədi peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin daha da genişləndirilməsinin təmin edilməsidir.