“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, COP29-un keçirilməsi ərəfəsində Mətbuat Şurası və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) jurnalistlər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio təmsilçiləri) arasında araşdırma müsabiqəsi elan edib.

Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, müsabiqə üzrə dörd istiqamət nəzərdə tutulur. Bunlar “Azərbaycan nəqliyyat sektorunda ESC prinsipləri – ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçid”, “Ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri”, “İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid – qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi” və “COP 29 və öncəsi: dayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüsləri”dir.

Müsabiqəyə hazırlıq çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC jurnalistlərin müsabiqənin müvafiq mövzuları üzrə bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirici sessiya keçirəcək, sahəvi mentor və qrupların iştirakı ilə davamlı görüşlər təşkil edəcək.

4 istiqamət üzrə qaliblərin hər biri 4 yer olmaqla I yer üzrə 1000 manat, II yer üzrə 700 manat, III üzrə isə 500 manat vəsaitlə mükafatlandırılacaq. 10 iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunacaq. Qaliblərin adları iyul ayının 15-dək açıqlanacaq.

Müsabiqəyə bu il iyunun 1-dən iyulun 1-dək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, müsahibələr, həmçinin, telekanallarda efirə verilmiş videomateriallar, videoçarxlar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Yazılarda, telekanal və radio materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.

Müsabiqə şərtlərinə görə, yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.

Əvvəlki məqaləƏkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası keçirilib
Növbəti məqalədəBMT-nin rezident əlaqələndiricisi: COP29 üzrə qlobal gözləntilər olduqca yüksəkdir