“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş inklüziv sərgi

Mayın 30-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Bakı şəhəri 31 nömrəli orta məktəbin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş inklüziv sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə məktəb şagirdlərinin və Agentliyin reabilitasiya müəssisələrində bərpa müalicəsi kursu keçən əlilliyi olan uşaqların əl işləri nümayiş olunub.

Sərginin təşkil edilməsində məqsəd əlilliyi olan uşaqların potensiallarının stimullaşdırılması və onların cəmiyyətə inteqrasiyasının, o cümlədən inklüziv mühitin dəstəklənməsindən ibarətdir.

Sərginin keçirildiyi 31 nömrəli tam orta məktəbin direktoru Zülfiyyə Rəsulova bildirib ki, əlil uşaqların rəsm əsərlərinin nümayişinə xüsusi yer verilib və onların yaradıcılıq məhsulları böyük maraq doğurur. Həmin kateqoriyadan uşaqların yaradıcı potensialını, sənətə olan sevgisini göstərmək təşkilatçılarda məmnunluq hissi oyadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru Jalə Həsənova da sərgidə uşaq reabilitasiya mərkəzlərinin 18 yaşadək əlilliyi olan uşaqların işlərinin təqdim olunmasını təqdirəlayiq hal olduğunu qeyd edib.

Sərgidə rəsm əsərləri nümayiş olunan ikinci dərəcəli əlil, 13 yaşlı Vüsal Məmmədov isə deyib: “Əsərlərimin nümayiş olunması mənim üçün böyük sevincdir və bu bacarıqlarımızın üzə çıxarılmasında böyük rol oynayır. Belə fürsəti yaratdıqları üçün təşkilatçılarına və onlara dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Əvvəlki məqaləUNESCO-nun mənzil-qərargahında Bakının ev sahibliyi edəcəyi COP29 konfransından danışılıb
Növbəti məqalədə“AccessBank” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub