“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən bu il aprelin 16-dan mayın 10-dək gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, fondun Müşahidə Şurasının Qərarına əsasən, 62 yerli, 11beynəlxalq layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
Müsabiqənin məqsədi ümumi ekoloji maarifləndirmə və tərbiyə işinin təşkili, ekoloji sahədə könüllülük fəaliyyətinin genişləndirilməsi, COP29-la əlaqədar iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə vermək məqsədilə irəli sürülən təşəbbüslərin dəstəklənməsi, ekoturizmin inkişafı sahəsində tədbirlərin təşkili, iqlim həllərində rəqəmsal alətlərdən və süni intellektdən istifadənin təşviqi, işğaldan azad olunmuş ərazilərdə törədilmiş ekoloji terrorun beynəlxalq müstəvidə tanıdılması üzrə təşəbbüslərin dəstəklənməsi, həmçinin yerli ekoloji problemlərin həllinə yönəldilmiş tədqiqatçılıq fəaliyyətinin təşviqi üçün gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində maliyyələşdirərək onların səmərəli fəaliyyətini stimullaşdırmaqdır.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsindən (www.youthfoundation.az) tanış olmaq mümkündür.
Qrant müqavilələrinin imzalanma tarixi iyulun 25-dən avqustun 25-dək müəyyən edilib.