Mayın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlər çərçivəsində “Çün bahar oldu…” adlı tədbir və konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova konsertdən əvvəl çıxış edərək ölkə başçısı tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzalanmış Sərəncamın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, bu, qlobal müstəvidə iqlim dəyişikliyinə və ekoloji mühitin qorunmasına verilən vacib dəyərdir.
Musiqişünas və vokalçı Sevinc İbrahimovanın iştirakı ilə keçirilən “Çün bahar oldu…” adlı konsert proqramında Azərbaycan bəstəkarlarının doğma vətənimizi, gözəl təbiətimizi, baharı vəsf etdikləri mahnı və romanslar səsləndirilib. Konsertdə vokalçılar Aysel Abdullayeva və Adil Həsənov Sevinc İbrahimovanı musiqili ifaları ilə təbrik ediblər.
Sonda Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Sevinc İbrahimovaya təşəkkürünü bildirib, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşri olan “Niyazi xatirələrdə” kitabını ona hədiyyə edib.