“Ölkəmizdə son illər istər rəsmi qurumlar, istərsə də ictimaiyyət nümayəndələri, ayrı-ayrı kollektivlər tərəfindən ətraf mühitin qorunması, su resurslarından səmərəli istifadə olunmasına yanaşma müsbətə doğru dəyişib. Bunda heç şübhəsiz ki, vətəndaş cəmiyyətinin apardığı maarifləndirmə işlərinin də rolu var. Son illər dövlət və özəl təşkilatların, QHT, media və ictimaiyyət nümayəndələrinin ağacəkmə kampaniyalarına yüksək fəallıqla qoşulması sevindirici haldır. Hər kəs bu cür aksiyalarda yaxından iştirak edir, yaşıllıq sahələrinin genişləndirilməsinə çalışır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, IDEA təşkilatının təşəbbüsü ilə Bakıda və ölkənin müxtəlif bölgələrində ağacəkmə aksiyaları həyata keçirilir. Hiss olunur ki, cəmiyyətimiz ekoloji tarazlığın qorunması işinə həssaslıqla yanaşır. Bu, yaxşı bir haldır. Ancaq çatışmazlıqlar da var. Məsələn, kifayət qədər yüklənmiş Bakıda hələ da ayrı-ayrı işbazların çoxillik ağacları kəsib, yerində göydələnlər, iaşə obyektləri ucaltmalarının şahidi oluruq. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nöqsanların aradan qaldırılacağına böyük ümidlər yaradır”.
Bunu AZƏRTAC-a müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Azərbaycan qlobal iqlim dəyişmələrinin aradan qaldırılması istiqamətində mühüm işlər gördüyünü bildirən təşkilat sədri ölkəmizin dünya birliyində böyük güvən qazandığını diqqətə çatdırıb: “Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına-COP-29-a ev sahibliyi edəcək. Həmin tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük inamın təzahürüdür. Hesab edirəm ki, 2024-cü ildə ətraf mühitin mühafizəsi istiqamətində cəmiyyəti narahat edən nöqsanlar aradan qaldırılacaq.
Azərbaycan bərpa olunan enerji sektorunun yaradılması istiqamətində önəmli addımlar atıb. Dünyanın nəhəng şirkətləri ilə anlaşma memorandumları imzalanıb. Bu məsələdə də Cənubi Qafqazda birinciyik. Ölkəmizin hədəfi 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır.
Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasını, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ ərazilərini yaşıl enerji zonası elan edib. İşğaldan azad olunmuş bölgələrə böyük qayıdış layihələrinə başlanılıb. Bərpa-quruculuq işləri çərçivəsində həyata keçirilən meqalayihələr yaşıl texnologiyalara əsaslanır. Azad olunmuş bölgələrdə ağıllı şəhərlər, kəndlər salınacaq, təmiz nəqliyyat infrastrukturu yaradılacaq. İri şəhərlərdə, xüsusən Bakıda, Sumqayıtda, Gəncədə elektromobillərin sayı artıb. Velosiped yolları salınıb. Fikrimcə, ekoloji texnologiyaların tətbiqi sahəsi genişləndirilməlidir. İri şəhərlərin sərnişindaşıma sistemində elektriklə işləyən nəqliyyat vasitələrinin sayı artırılmalıdır. Türkiyədə meşələrin salınması və mühafizə olunması işində on minlərlə insan çalışır. Ağacəkmə kampaniyalarının keçirilməsi yaxşıdır, ancaq əkilən tinglər taleyin ümidinə buraxılmamalıdır. Ağacı əkən qurumlar həmin ərazidə tinglərə aqrotexniki qulluq göstərməsi üçün xüsusi işçilər təhkim etsələr, daha yaxşı olar. Yeni mərhələdə meşələrin qorunması işində də diqqət ayırmaq lazımdır. Ən azı yay aylarında, piknik mövsümü dövründə bu işlə məşğul olan xüsusi məntəqələr yaradılmalı, onların maddi texniki bazası gücləndirilməlidir. Planetimiz ciddi ekoloji böhranla və su qıtlığı ilə üzə-üzədir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması vaxtında verilmiş qərardır. Cəmiyyət olaraq qarşımızda mühüm vəzifələr var. “Yaşıl dünya naminə həmrəylik ili”ndə ətraf mühitin qorunması, meşə zolaqlarının və su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması naminə təşəbbüsləri dəstəkləməli, güclər səfərbər etməliyik”.