“Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi” mövzusunda respublika elmi konfransı

Sentyabrın 25-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu tədbir, eyni zamanda, alimlərimizə Bakıda keçiriləcək COP29 ərəfəsində öz baxışlarını, konsepsiyalarını meydana qoymaq üçün geniş imkanlar açır.

Akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a həsr olunmuş bir sıra tədbirlər keçirildiyini deyib. Eyni zamanda, oktyabr ayında AMEA-nın Tədbirlər planından irəli gələrək Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan növbəti konfransın keçiriləcəyini diqqətə çatdırıb. AMEA-da qeyd olunan konfranslardan əlavə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr edilmiş kitabların, məqalələrin çap olunduğunu deyən akademik İsa Həbibbəyli alimlərimizin müasir dünyanın çağırışlarına və problemlərinə öz elmi baxışları ilə reaksiya verdiklərini söyləyib. Qeyd edib ki, bu gün dünyanın diqqət mərkəzində olan süni intellekt, rəqəmsal inkişaf və yaşıl texnologiyalara dair aparılan tədqiqatların humanitar və ictimai elmlərə transformasiyası istiqamətində akademiyada mühüm addımlar atılır. Həmin elm sahələrinə filosof alimlərin baxışı olduqca qiymətlidir.

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə isə çıxışında müasir dövrdə ekoloji şüurda yaşıl enerjidən istifadənin vacibliyi ideyasının getdikcə mühüm yer tutmasının bir çox səbəbləri olduğunu, yaşıl enerjidən istifadənin iqlim dəyişikliyini dayandırmağa, qlobal istiləşmənin qarşısını almağa kömək etdiyini söyləyib. Qeyd edib ki, dünyanın əsas enerji ixracatçılarından biri olan Azərbaycanda da yaşıl enerji amilinə geniş meydan verilir. Həmçinin vurğulayıb ki, yaşıl enerji sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır və bu da davamlı inkişaf üçün vacib amillərdən biridir.

Ekoloji problemlər, fəlsəfi ekologiya, milli ideya, süni intellekt və yaddaş məsələlərini geniş şəkildə təhlil edən alim vurğulayıb ki, ənənəvi enerji mənbələrindən yaşıl enerji daşıyıcılarına keçid, eləcə də texnoloji infrastrukturun modernləşdirilməsi bərpaolunan enerji mənbələrindən geniş istifadəyə münbit zəmin yaradır.

Daha sonra konfransda Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti Heydər İmanov yaşıl enerjiyə keçidin problemləri və perspektivləri: noosfer baxışı” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda “İqlim dəyişikliyinə qarşı yaşıl enerji strategiyaları və sosial problemlər”, “Ekoloji problemlər və süni intellekt”, “Davamlı inkişaf kontekstində dialoq və ekoloji problemlər”, “Yaşıl enerji: prosesə keçid məsələləri”, “Davamlı inkişaf kontekstində iqlim ekosistemin tərkib hissəsi kimi” və “Süni intellektin bərpaolunan enerji sistemlərində rolu: innovasiyalar və perspektivlər” mövzularında məruzələr dinlənilib.

Əvvəlki məqalə“Mavi Xəzər sənin gözündə” poster-dizayn müsabiqəsinə start verilir
Növbəti məqalədəGəncədə şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib