Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov “Xəzər hövzəsi keçid dövründə: Yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” konfransı çərçivəsində ölkəmizdə səfərdə olan tədqiqatçılarla görüşüb

İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov “Xəzər hövzəsi keçid dövründə: Yer elmləri və ətraf mühit problemləri arasında körpü 2024” konfransı çərçivəsində ölkəmizdə səfərdə olan tədqiqatçılarla görüşüb.

Görüşdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, Cenevrə Universitetinin Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hidjazi, Oksford Universitetinin geofizika üzrə tədqiqatçısı Nil Marşal, Yer elmləri üzrə tədqiqatçısı Riçard Valker Comet, həmçinin Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçısı, professor Sassan Saatçi iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Vazeh Əskərov ölkəmizin COP29 kimi mühüm bir tədbirə ev sahibliyi etdiyi ərəfədə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi konfransların və layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, bu tədbirlərin universitetlər və elmi müəssisələrlə əməkdaşlığın genişləndirilməsində və yeni layihələrin işlənməsində mühüm təkan verdiyini deyib. ADNSU-nun bu istiqamətdə əlaqələrinin daha da genişləndirməsinə, elmi-tədqiqat işlərinin aparılmasına hər zaman açıq olduğunu deyən V.Əskərov əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Qonaqlar müasir çağırışlara cavab verən konfrans çərçivəsində keçirilən görüşlərin və müzakirələrin önəmindən danışıblar. Təmsil etdikləri universitetlər haqqında məlumat verdikdən sonra birgə əməkdaşlıq və tədqiqat üçün geniş imkanlar olduğunu qeyd ediblər. Onlar apardıqları tədqiqat işləri, yeniliklər və innovasiyalarla bağlı həyata keçirilən layihələrdən danışıblar.

Sonra qonaqlar universitetin Minerologiya muzeyini ziyarət ediblər, burada qorunub saxlanılan müxtəlif növ minerallarla, həmçinin Tarix muzeyində neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar.

Əvvəlki məqaləBu gün Bakı Enerji Həftəsi başlayır
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fotomüsabiqə