“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın himayəsi, “COP29 Azərbaycan” Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, həmçinin beynəlxalq səviyyədə tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində – 11 oktyabr-2 noyabr tarixləri arasında 18 yaşadək uşaq və yeniyetmələr üçün keçirilmiş “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyıb, həmçinin gəncləri təbiətin gözəlliyi, eləcə də çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət edib.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında təşkil edilən və 3000-dək fotoşəklin təqdim olunduğu müsabiqədə, ümumilikdə, 11 namizəd mükafatlandırılıb. 10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb və hədiyyələrlə mükafatlandırılıb. Eyni kateqoriya üzrə Banqladeş, İran, İrlandiya və Birləşmiş Krallıqdan olan üç fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar təqdim edilib. 10 yaşadək kateqoriya üzrə isə Türkiyə, İsveçrə, Fransa və İrandan olan ilk beş finalçı mükəmməl təqdimatlarına görə həm münsiflər heyəti, həm də “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.

Ümumilikdə, beynəlxalq fotomüsabiqədə iştirak etmək üçün Azərbaycanla yanaşı, 50 ölkədən çoxsaylı müraciətlər daxil olub. Namizədlər müsabiqə çərçivəsində iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq, potensial həll yollarını vurğulamaq və planetimizi qorumaq üçün məsuliyyət hissini bölüşmək məqsədilə maraqlı fotoşəkillərdən istifadə ediblər.

Qaliblərin, eləcə də digər iştirakçıların fotoşəkilləri noyabrın 18-də saat 19:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə nümayiş etdiriləcək. COP29-da iştirak edən çoxsaylı beynəlxalq qonaqların da sərgiyə qatılması gözlənir.

Əvvəlki məqaləHeydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı təqdim edilib
Növbəti məqalədə“İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi” mövzusunda konfrans keçirilib