Avropa

NASA-nın reaktiv laboratoriyası Yupiterin 95 peykindən birində – Avropa adlandırılan peykdə hər gün min tona qədər oksigen əmələ gəldiyini müəyyən edib.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, Yupiterin ən yaxın altıncı peyki olan Avropa Aydan bir qədər kiçikdir. Yer kimi, onun da qayalı mantiyaya və sərt nüvəyə malik olduğu ehtimal edilir. Alimlərin apardıqları hesablamalar peykin saniyədə təxminən 12 kiloqrama yaxın oksigen istehsal etdiyini göstərir.

Bu məlumatlar 2022-ci ildə NASA-nın “Yuno” kosmik zondu tərəfindən toplanıb. Təşkilatın Yuno missiyası qaz nəhəngləri arasında ən yaxşı nümunə olan Yupiterin tarixini öyrənərək onun peyklərinin yaranma mərhələlərini anlamağa çalışacaq.

NASA Yupiterin sözü gedən peykində ətraflı kəşfiyyat işləri aparmaq və orada həyat üçün əlverişli şəraitin olub-olmadığını müəyyən etmək üçün 2024-cü il oktyabrın 10-da “Avropa Clipper” missiyasına başlamağı planlaşdırır. Alimlər Avropa peykinin Yerdən kənarda həyat üçün uyğun mühitləri tapmaqda ən perspektivli yer ola biləcəyini ehtimal edirlər.

Əvvəlki məqaləBMT: Yoxsul və yaşlı təbəqə iqlim dəyişikliyindən daha çox təsirlənir
Növbəti məqalədəEkologiya və Təbii Sərvətlər Nazirliyində Konqo Prezidentinin nümayəndəsi ilə görüş keçirilib